İcra edilmiş Tədbirlər (2014):
Proqram
MƏLUMAT
Qeyri-infeksion xəstəliklərin risk faktoru olan qeyri-sağlam qidalanma tərzi ilə mübarizə sahəsində “14 noyabr - Dünya Diabet Günü”nə həsr olunmuş “Sağlam qidalanma səhər yeməyindən başlayır” şüarı altında maarifləndirici aksiyanın keçirilməsi planlaşdırılır.
İştirakçılar üçün aksiyada təşkil olunacaq səhər yeməyindən əvvəl və sonra onların qanlarında şəkərin miqdarının yoxlanılması və Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il tarixli 222 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 4.1-ci bəndinə uyğun olaraq şəkərli diabetin profilaktikasına dair müvafiq maarifləndirici materialların hazırlanması və aksiyada paylanılması nəzərdə tutulub.
Çap materialları: bloknot, qələm, qovluq, bayraq, şar, mayka və s.
Buklet - “Fiziki aktivlik sağlamlığın qorunmasının ən mühüm şərtidir”
Buklet - “Çörək vahidi”
Vərəqə - “Faydalı məsləhət”
Vərəqə - Qanda şəkərin miqdarını əks etdirir
KİÇİK HESABAT
14.11.2014-cü il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirildi. Təşkil olunmuş tədbirdə millət vəkilləri, ölkənin aparıcı endokrinoloqları, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
ƏTRAFLI HESABAT
2014-cü il noyabrın 14-də Qafqaz Point Hotel-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirildi. Təşkil olunmuş tədbirdə millət vəkilləri, ölkənin aparıcı endokrinoloqları, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbirin ilk hissəsində qonaqlarda qanda şəkərin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçülərək vərəqəyə qeyd edildikdən sonra səhər yeməyi təşkil olundu.
Tədbirin rəsmi hissəsində “Ümumdünya Diabet Günü”nün tarixçəsinə nəzər salındı: “Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır”.
İSİM-in direktoru Ceyhun Məmmədov şəkərli diabetlə mübarizənin hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biri olduğunu, respublikamızda bu xəstəliklə mübarizə istiqamətində geniş fəaliyyətin aparıldığını vurğuladı. Şəkərli diabetin profilaktikası məqsədilə bu gün bir sıra işlərin görüldüyünü bildirən C.Məmmədov İSİM tərəfindən əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırdı. “Ümumdünya Diabet Günü”ndə “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında keçirilən tədbirin ictimaiyyətin diqqətinin şəkərli diabetin profilaktikasına, xüsusilə sağlam qidalanmanın şəkərli diabet xəstələri üçün həyati önəm daşıdığına yönəltmək məqsədilə təşkil olunduğunu deyən C.Məmmədov çıxışını belə tamamladı: “Ümumdünya Diabet Gününün emblemi mavi dairədir. Bu, o deməkdir ki, şəkərli diabetlə mübarizə ətrafında hamı birləşməli, bir olmalıdır!”
Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzinin artıq çəkinin artmasına səbəb olduğunu, bunun da bilavasitə şəkərli diabetin yaranmasına təkan verdiyini nəzərə çatdırdı. Şəkərli diabetin profilaktikasının vacibliyini qeyd edən R.Cabbarov bu məqsədlə tədbirlərin elə ilk gündən etibarən görülməsinin əhəmiyyətini vurğuladı. “Azərbaycanda şəkərli diabetin vəziyyəti” mövzusunda təqdimat olundu.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsinin dövlət büdcəsi hesabına maliyyələşdirildiyi, müalicə-diaqnostika işinin yaxşılaşdırıldığı və şəkərli diabet xəstələrinin aşkarlanması üçün şəraitin yaradıldığını diqqətə çatdırdı.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov İSİM tərəfindən fiziki aktivliyin məktəblərdə təbliği ilə şəkərli diabetin profilaktikasının aparılmasının təqdirəlayiq hal olduğunu bildirdi.
İSİM-in həkim-endokrinoloqu Nigar Yaqubova 2011-ci ildə Dünya Diabet Fondu tərəfindən təsdiq olunan və AR Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə İSİM və ADC tərəfindən həyata keçirilmiş “Diabet Məktəblərinin təşkili” layihəsi barədə təqdimat etdi. Təqdimatın sonunda layihə əsasında yaradılmış 7 diabet məktəbinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcəyini vurğuladı.
Respublika Endokrinoloji Mərkəzinin əməkdaşı Nərmin İsmayılova “Sağlam qidalanma” mövzusunda təqdimat edərək sağlam qidalanmanın xüsusilə şəkərli diabet xəstələri üçün vacibliyini vurğulayaraq belə xəstələrə tövsiyələrini çatdırdı.
Təqdimat və çıxışlar ətrafında müzakirələrdən sonra iştirakçılara xüsusi çantalarda “Şəkərli Diabetə nəzarət” bukleti, “Çörək vahidləri cədvəli” kitabçası, plakat, vərəqə, pəhriz kalkulyatoru, qələm və bloknot, diabetli uşaqlara sadalanan vəsaitlərlə yanaşı, hədiyyələr də təqdim olundu. Tədbirin sonunda yenidən qonaqların qanda şəkərinin miqdarı ölçüldü və diabetli uşaqlara hədiyyələr təqdim olundu, uşaqların arzuları yazılmış şarlar havaya buraxıldı.
Coğrafi əhatə:
Əhali kateqoriyası:
İcraçılar: İSİM; REM; Diabet Liqası;
Təşkilatçılar: Aysel Hacıyeva; Səadət Hənifəyeva; Səbinə Babazadə; Elnarə Nuriyeva; Elnarə Əliyeva; Gülnarə Tağıyeva;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Dünya Diabet Gününə həsr olunmuş maarifləndirici aksiyanın keçirilməsi (pdf)
QALEREYA
Dünya Diabet Gününə həsr olunmuş maarifləndirici aksiya
Foto qalereya Dünya Diabet Gününə həsr olunmuş maarifləndirici aksiya
Dünya Diabet Gününə həsr olunmuş maarifləndirici aksiya