İcra edilmiş Tədbirlər (2017):
Proqram
MƏLUMAT
16-17 yanvar 2017-ci il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil olunmuş “Sağlamlığı təşviq edən Məktəblər” mövzusunda Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ÜST, UNFPA, UNİCEF, Qızıl Aypara Cəmiyyəti və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ÜST-in beynəlxalq ekspertlərinin iştirakı ilə ikigünlük seminar keçirildi.
KİÇİK HESABAT
ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən Məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir.
Tədbiri İSİM-in direktoru Ceyhum Məmmədov iştirakçıları və qonaqları salamlamaqla açaraq ölkəmizdəki uşaqların sağlamlıqlarına dövlət tərəfindən göstərilən diqqətdən danışdı. O, uşaqların sağlamlıq durumunun qorunub saxlanılmasını təmin edən bir sıra dövlət proqlamları, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş sənədlər haqda məlumat verdi.
Tədbirin ilk günü İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova təqdimatı ilə tədbir iştirakçılarının diqqətini məktəb yaşlı uşaqlara hədəflənən və müxtəlif aspektlərdən İSİM tərəfindən aparılan tədqiqatlara yönəltdi.
Daha sonra seminarda çıxış edən ÜST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber uşaq sağlamlığının inkişafı və bu inkişafda ÜST-nin rolu, məktəblərdə Sağlamlıq Xidmətlərinə dair ÜST-nin standartları və qaydaları haqqında, Avropada “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin sədri Quf Buics isə Avropada sözügedən şəbəkənin gördüyü işlər və bu inkişaf siyasətinin milli səviyyədə inkişafı üzrə lazımi fəaliyyətlər barədə tədbir iştirakçılarına geniş məruzələr etdilər.
Dəvət olunmuş ekspertlərin yerli məktəblərdə sağlamlığın qorunması üzrə mövcud vəziyyətlə tanışlıq üçün 17 yanvar 2017-ci il tarixdə Bakı şəhərinin iki məktəbinə ziyarəti baş tutdu. Bundan sonra seminarın işi davam etdirildi və yekunda iştirakçılar tərəfindən məktəblərdə sağlamlığın təşviqi üzrə yanaşmanın Azərbaycanda tətbiqi ilə bağlı təkliflər hazırlandı.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; ÜST;
Təşkilatçılar: Rauf Məmmədov; Rahib Məmmədov; Rüfət Rəhimov; Lütfi Qafarov; Səbinə Babazadə; Tofiq Musayev; İnarə Makayeva; Şəhla Mirzəzadə; Ayşəm Balayeva; Raisa Əhmədova; Səlmi Əliyeva; Lətafət Dadaşova; Xatirə Hüseynova; Ceyhun Məmmədov;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rauf Məmmədov;