İcra edilmiş Tədbirlər (2016):
Proqram
MƏLUMAT
2 aprel – Ümumdünya Autizm Günü ilə əlaqədar “Birgə və Sağlam” İctimai Birliyi, “Lider Qadınlar” İctimai Birliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə “Metropark” və “Park Bulvar” AVM-lərdə maarifləndirmə aksiyaları, Aprelin 2-də Dənizkənarı Milli Parkda müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirakı ilə“Autizm üçün Gəzinti” ,daha sonra aprelin 27-də “Bulvar” Otelinin dəstəyilə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən cəlb edilən tibb işçiləri və mütəxəssislər üçün seminar keçirildi
KİÇİK HESABAT
2016-cı ildə “Dünya Autizm Maarifləndirmə ayı”na aprelin 1-də keçirilən maarifləndirmə aksiyaları ilə start verildi. “Metropark” və “Park Bulvar” AVM-lərdə məşhurların iştirak etdiyi aksiyalarda əhaliyə İSİM tərəfindən hazırlanmış maarifləndirmə vərəqələri paylanıldı. Aprelin 2-də Dənizkənarı Milli Parkda müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirak etdiyi “Autizm üçün Gəzinti” təşkil olundu. Tədbirə gəzinti və havaya mavi (dünyada autizmin rəngi kimi qəbul edilib) şarların və Çin fənərlərinin buraxılması daxil idi. Mavi rəngli köynəklər geyən dəvətlilər əllərindəki şarlar ilə bulvarın “Park Bulvar” AVM olan hissəsindəki yerindən Azneft meydanı istiqamətində gəzintiyə başladılar. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları və dilək hava fənərlərini havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanan Alov Qüllələri, “Bakı Kristal Zalı”, ABŞ-ın Azərbaycandakı Səfirliyinin binası, Qız Qalası və Bakı Olimpiya Stadionu önündə çəkiliş olduqdan sonra tədbir sona çatdı.
Aylıq çərçivəsində əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə autizmlə bağlı yerli və beynəlxalq mütəxəssislərin (Nahit Motavalli, Andy Shih və Marina Əzimova) iştirakı ilə seminarların təşkili nəzərdə tutulub. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən cəlb edilən tibb işçiləri və mütəxəssislər üçün seminar aprelin 27-də “Bulvar” Otelinin dəstəyilə keçirildi. Əhali (ailələr) üçün seminar isə aprelin 28-də “Hilton” Otelinin dəstəyilə keçiriləcək. Həmçinin aprelin 29-da Milli Məclisdə Milli Məclisin Səhiyyə komitəsinin təşkilatı ilə dəyirmi masa təşkil olunacaq.
Aylıq çərçivəsində həmçinin autizm sindromlu uşaqlar üçün xeyriyyə yarmarkası və moda nümayişi, eləcə də “Mavi Ümid” autizmli uşaqların ağac kampaniyası keçiriləcək. Hazırda televiziya kanallarında təbliğat xarakterli verilişlər hazırlanır, “Autizm – Fərqli, lakin Bərabər” adlı animasiya filmi nümayiş edilir.
Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilib.
Keçirilən tədbirlər və aksiyalar daha inklüziv cəmiyyətin yaradılmasına, autizmdən zərər çəkmiş insanların istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; "Birgə və Sağlam" İctimai Birliyi; "Lider Qadınlar" İctimai Birliyi; Bakı Baş Səhiyyə İdarəsi;
Təşkilatçılar: Nigar İbrahim-zadə; Səbinə Babazadə; Elnarə Nuriyeva; Şəhla İsmayılova; Şəhla Mirzəzadə; İnci Ağayeva;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rahib Məmmədov;