İcra edilmiş Layihələr (2015):
Proqram
MƏLUMAT
Layihə beynəlxalq diridoğulma meyarlarına keçidlə bağlı ünsiyyət planının hazırlanması, əhali və tibb işçiləri arasında maarifləndirmə, doğuşayardım müəssisələrinin fəaliyyətinin monitorinqi və anemiyanın azaldılması məqsədilə məlumat paketinin hazırlanması məqsədini daşıyır.
KİÇİK HESABAT
Fəaliyyət Planı çərçivəsində 2015-ci ilin dekabr ayında 500 nəfəri əhatə etməklə, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 №-li Bakı Tibb Kolleci və 2 №-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə İSİM-in həkim və kommunikasiya mütəxəssislərinin görüşləri keçirilib. Növbəti maarifləndirmə tədbirləri 2016-cı ilin yanvar ayında 300 nəfəri əhatə etməklə, Bakı şəhərinin 1, 2, 7, 8, 9 saylı qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçirilib.
Yeni diridoğulma meyarlarına keçidlə bağlı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrində monitorinq həyata keçirilib. Monitorinqin keçirilməsində məqsəd 2015-ci il ərzində yeni diridoğulma meyarlarının tətbiqi ilə ilkin nəticələrin təhlili, doğuşayardım tibb müəssisələrinin bu sahədə üzləşdikləri problemlər və çətinliklərin öyrənilməsi, onların yeni diridoğulma meyarlarına hazırlıq səviyyələrinin qiymətləndirilməsi olub. Monitorinq ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş maarifləndirmə tədbirlərinə töhfə verib.
ƏTRAFLI HESABAT
Fəaliyyət çərçivəsində ictimai maarifləndirmə tədbirləri təşkil olunub. 2015-ci ilin dekabr ayında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 №-li Bakı Tibb Kolleci və 2 №-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə bu mövzuda görüşlər keçirilib. Növbəti maarifləndirmə tədbirləri 2016-cı ilin yanvar ayında Bakı şəhərinin 1, 2, 7, 8, 9 saylı qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçirilib. Yanvarın 27-də İSİM-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə kütləvi informasiya vasitələrindən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAc, Azəri-Press Agentliyi (APA), “SalamNews” İnformasiya Agentliyi, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi, “lent.az”, “AzVision.az” internet saytları, “Xəzər”, “ATV” və “CBC” telekanallarının nümayəndələri iştirak ediblər. Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, BMT-nin Uşaq Fondu və İSİM-in mütəxəssisləri tərəfindən mövzu ətrafında təqdimatlar edilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirmə tədbirlərində mövzunu əhatə edən bir sıra məlumatlandırıcı və maarifləndirici çap materialları paylanılıb. Fəaliyyət çərçivəsində telekanallarda mütəxəssislərin çıxışları təşkil olunub, reportaj və süjetlər hazırlanıb. Eləcə də diridoğulma, ana və uşaq sağlamlığı, erkən doğuşun qarşısının alınması, dünyaya sağlam körpənin gətirilməsi üçün maarifləndirmə xarakterli videoçarx hazırlanıb. Videoçarxın müxtəlif tədbirlərdə və TV kanalları vasitəsilə yayımlanması planlaşdırılır. Eyni zamanda yeni meyarlara keçidlə bağlı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrində monitorinq həyata keçirilib. Monitorinqin keçirilməsində məqsəd 2015-ci il ərzində yeni diridoğulma meyarlarının tətbiqi ilə ilkin nəticələrin təhlili, doğuşayardım tibb müəssisələrinin bu sahədə üzləşdikləri problemlər və çətinliklərin öyrənilməsi, onların yeni diridoğulma meyarlarına hazırlıq səviyyələrinin qiymətləndirilməsi olub. Fevralın 11-də İSİM-də Yeni diridoğulma meyarlarına keçidlə bağlı doğuşayardım müəssisələrinin monitorinqi üzrə yekun hesabatın təqdimatı keçirilib. Təqdimatda Səhiyyə Nazirliyi, İSİM və monitorinqin keçirildiyi doğuşayardım müəssisələrinin baş həkimləri iştirak edərək belə monitorinqlərin aparılmasının ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş zəruri addım kimi dəyərləndiriblər. Həmçinin Azərbaycanda anemiya və DDA problemi haqqında məlumat vermək, bu xəstəliyin profilaktikasında unun zənginləşdirilməsinin rolunu açıqlamaq və həlli yollarını göstərmək, DDA probleminin həllində unun zənginləşdirilməsi məsələsini yenidən ölkənin siyasi və ictimai gündəminə gətirmək məqsədilə “Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə mübarizədə əhəmiyyətli rolu” adlı məlumat paketi İSİM tərəfindən hazırlanmış və çap edilmişdir. Məlumat paketi aidiyyəti üzrə paylanılmışdır.
Coğrafi əhatə: Bakı; Gəncə; Quba; Lənkəran; Mingəçevir; Sumqayıt; Şəki;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; UNICEF;
Təşkilatçılar: Töhfə Cəmilova; Səadət Hənifəyeva;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rauf Məmmədov;