Planlaşdırılmış Tədbirlər (2015):
Proqram
MƏLUMAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02.09.2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 4.1 bəndinə əsasən ilkin səhiyyə işçiləri üçün uşaqlar arasında xəstəliklərin erkən aşkarlanması və uşaqların dispanser müayinəyə götürülməsi üzrə keyfiyyət standartları və klinik protokollar əsasında təlimlərin keçirilməsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.
Bunları nəzərə alaraq, 2015-ci ilin mart ayında uşaqların icbari dispanserizasiyadan keçirilməsi işinin təşkili və aparılmasında bilavasitə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikaları və mərkəzi uşaq xəstəxanalarının baş həkimlərinin iştirakı ilə Bakı şəhərində 1 günlük pilot seminar-təlimin keçirilməsi məqsədə uyğun hesab edilir. Həmin seminar və dispanserizasiyanın monitorinq nəticələrinin əsasında uşaqların icbari dispanserizasiyasının təşkili və həyata keçirilməsi, habelə dispanserizasiya prosesinin keyfiyyət göstəriciləri əsasında monitorinq və qiymətləndirilməsinə dair metodiki vəsaitin hazırlanması da təklif olunur.
ƏTRAFLI HESABAT
Azərbaycanda uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsində rast gəlinən problemlər və perspektivlərin müzakirəsi, həlli yollarının araşdırılması məqsədilə 2015-ci il martın 18-də İSİM-də seminar təşkil olundu. Seminarda uşaqların icbari dispanserizasiyadan keçirilməsi işinin təşkili və aparılmasında bilavasitə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikaları və mərkəzi uşaq xəstəxanalarının baş həkimləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etdi.
Seminarı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov uşaqların icbari dispanserizasiyanın həyata keçirilməsində İSİM-in göstərdiyi fəaliyyətdən söhbət açdı: “Keçən il İSİM-in mütəxəssisləri tərəfindən Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə “Uşaqların icbari dispanserizasiyası və uşaq xəstəliklərinin erkən aşkarlanması və profilaktikası” mövzusunda təlim kursu keçirilib. Həmçinin Uşaqların icbari dispanserizasiyasının monitorinqi məqsədi ilə sorğu aparılıb. Hazırkı seminarda dispanserizasiya prosesinin təkmilləşdirilməsi məqsədilə hazırlanacaq tövsiyələr paketi Səhiyyə Nazirliyinə təqdim olunacaq.”
Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlərdən bəhs etdi: “Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilirlər.”
Uşaqların icbari dispanserizasiyasının məqsəd və vəzifələri, Dövlət Proqramının mahiyyəti və əsas hədəfləri barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova təqdimat etdi. Məruzəçi icbari dispanserizasiyanın keçirilməsində məktəb və poliklinikaların rolundan və vəzifələrindən söhbət açdı. Eyni zamanda diqqəti uşaqların icbari dispanserizasiyasının keçirilməsində dövlət nəzarətinə, kəmiyyət və keyfiyyətin monitorinqi və qiymətləndirilməsinə yönəltdi.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin mütəxəssisi Nabil Seyidov Uşaqların icbari dispanserizasiyasının monitorinqi və qiymətləndirilməsi məqsədi ilə aparılmış tədqiqatın nəticələrini diqqətə çatdırdı: “Tədqiqat İSİM tərəfindən Bakının 11 rayonu üzrə 50 tam orta məktəbin 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında aparılıb. Tədqiqat vasitəsilə uşaqların xüsusilə sağlamlıq vəziyyəti, fiziki aktivlik səviyyəsi, qida və nutriyentlərin qəbuluna dair vərdişləri, reproduktiv sağlamlıq məsələlərinə dair məlumatlılığı və biliyi qiymətləndirilib. Tədqiqat vasitəsilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” barədə əhalinin məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrənilib.”
“İcbari dispanserizasiyanın təşkili və qaydaları”ndan İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova bəhs etdi. “Uşaqların sağlamlığının qorunmasında səhiyyə kommunikasiyalarının rolu” mövzusunda isə İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova məruzə etdi. Məruzələrdə dispanserizasiya çərçivəsində uşaqlar, onların valideynləri və həkimlərlə məsləhət işinin təşkili, səmərəli kommunikasiyanın aparılması prinsiplərinə nəzər salındı.
Seminarın praktik hissəsində işçi qruplara ayrılan iştirakçılar dispanserizasiyanın təşkili zamanı yaranan problem və çətinliklər, 2014-cü ildə dispanserizasiyanın keyfiyyət göstəricilərinin təhlili mövzularını müzakirə etdilər. Qrup işlərinin nəticələri əsasında 2015-ci il üçün icbari dispanserizasiya prosesinin təkmilləşdirilməsi məqsədilə tövsiyələr paketi hazırlandı.
Seminarda həmçinin iştirakçılara İSİM tərəfindən hazırlanmış “Uşaqların icbari dispanserizasiyasına dair normativ-hüquqi aktlar” adlı metodik vəsait və əhalinin maarifləndirilməsi üçün nəzərdə tutulmuş bukletlər paylanıldı.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM;
Təşkilatçılar: Nabil Seyidov;
Koordinatorlar: Töhfə Cəmilova;
Kuratorlar: Rauf Məmmədov;