Planlaşdırılmış Tədbirlər (2015):
Proqram
MƏLUMAT
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nı 3.2.1.3.7-ci bəndində “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin həyata keçirilməsi” nəzərdə tutulur
Bu bəndin icrasını təmin etmək məqsədi ilə:
1) Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafına dəstək vermək üçün ölkədə gənclərin və mütəmadi donorların iştirakı ilə 2015-ci ilin birinci altı ayı ərzində iki regional (Gəncə və Lənkəran şəhərlərində) forumun keçirilməsi;
2) 08 fevral 2005-ci il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən imzalanmış “Talassemiyasız həyat naminə” layihəsinin 10 illik yubileyi münasibəti ilə 2015-ci il 05 fevral tarixdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında talassemiyalı uşaqlar üçün həmin mövzuda iki hissəli (rəsmi və musiqili-əyləncəli) tədbirin keçirilməsi təklif olunur.
ƏTRAFLI HESABAT
2015-ci il mayın 15-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Gənc Qan Donorlarının növbəti Regional Forumu keçirildi. Forumun təşkilatçıları Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, eyni zamanda ölkənin gənclər və səhiyyə sahəsində aparıcı qeyri-hökumət təşkilatları olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi, “Hematologiyanın İnkişafına Dəstək” İctimai Birliyi və “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyidir.
Forumda dövlət qurumları və səhiyyə sahəsində çalışan QHT nümayəndələri ilə yanaşı, rayon ictimaiyyəti də iştirak etdilər. Forum çərçivəsində məruzələr dinlənildi, donorların iştirakı ilə çəkilmiş “Qan ver həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” və “Qan Donorları Assosiasiyası” İctimai Birliyi tərəfindən çəkilən videoçarxların nümayişi oldu. Forumda çıxış edənlər qan donorluğunun təbliği məqsədilə keçirilən tədbirlər barədə məlumat verdilər.
Həmçinin il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən təşkilat və mütəmadi qan donorları mükafatlandırıldı. Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafı sahəsində gələcəkdə gənclər tərəfindən həyata keçiriləcək fəaliyyətlərin müzakirəsindən sonra tövsiyələr hazırlandı, yekun sənəd oxundu. Sonda Azərbaycan Gənc Qan Donorlarının I Forumunun və Gənc Qan Donorlarının İlk Regional Forumunun videoçarxı nümayiş etdirildi.
2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin “Ümumdünya Qan Donoru Günü” kimi keçirilməsi qərara alınıb. Bu günün mahiyyəti bütün dünyada könüllü donorluq ənənəsini yayaraq genişləndirməkdir.
Səhiyyə Nazirliyinin donor qanına tələbatın ödənilməsinə yönəldilən “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri vardır. İSİM də öz növbəsində qan donorluğu ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində uğurlu fəaliyyət aparır. Bu fəaliyyət qan donorluğu şəbəkəsinin genişləndirilməsinə təkan vermək məqsədi daşıyır.
Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2014-cü ildə İSİM, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrupun təşəbbüsü ilə “Qan donorluğu” mövzusunda maarifləndirmə kampaniyaları, aksiyalar, rəsm müsabiqəsi keçirilib. Eləcə də ilk milli forum 2014-cü il iyunun 14-də Bakıda keçirilib. “Azərbaycanda Gənc Qan Donorlarının İlk Regional Forumu” isə 2015-ci il fevralın 10-da Gəncədə təşkil olunub.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM;
Təşkilatçılar: Aynurə Rəşidova; Səbinə Babazadə;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Forumların və tədbirlərin keçirilməsi barədə (pdf)