Planlaşdırılmış Tədbirlər (2015):
Proqram
MƏLUMAT
Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 6 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi, o cümlədən təhsil müəssisələrində gənclər və yeniyetmələr üçün reproduktiv sağlamlığa dair mühazirələrin təşkili İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.
Bu məqsədlə Səhiyyə Nazirliyinin İSİM-i Təhsil Nazirliyi və Ümidli Gələcək QHT ilə əməkdaşlıqda həyata keçirilən pilot layihə çərçivəsində 2014-cü ilin oktyabr ayında 2015-ci ilin mart ayınadək ölkənin tam orta məktəblərində reproduktiv sağlamlığın tədrisini təkmilləşdirmək və uşaq və valideynlər arasında maarifləndirmə işini gücləndirmək məqsədilə nümunəvi tədris və maarifləndirmə proqramı, habelə müəllimlər üçün metodiki vəsaitin ilkin variantı hazırlanmış, Bakı, Gəncə, Şəki, Lənkəran və Mingəçevir şəhərlərində biologiya və həyat bilgisi fənləri üzrə dərs deyən müəllimlər üçün təlimçilər üçün təlimlər keçirilmiş, Bakı və Sumqayıt şəhərlərinin 50-ə yaxın tam orta məktəbində təlimdən keçmiş müəllimlərin iştirakı ilə 5.000-dən çox şagird və 500-dən çox valideyn üçün maarifləndirici seminarlar və dərslər aparılmışdır.
Bu layihənin uğurlu nəticələrini nəzərə alaraq və yuxarıda qeyd edilmiş dövlət proqramının müvafiq bəndinə uyğun olaraq, 2015-ci ilin aprel ayından 2015-ci ilin iyun ayınadək aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab edilir:
a) ölkənin tam orta məktəbləri, peşə məktəbləri və liseylərində uşaq və yeniyetmələrin reproduktiv sağlamlığına dair tədris və maarifləndirmə prosesinin səmərəli və dayanıqlı təşkili məqsədilə ötən il İSİM tərəfindən təşkil olunmuş təlimdə iştirak etmiş 60 müəllim arasından seçilmiş 25 müəllim üçün Avropa ölkələri və ABŞ-dan dəvət ediləcək beynəlxalq mütəxəssislərin iştirakı ilə 5 günlük təlimçilər üçün təlim kursunun keçirilməsi,
b) reproduktiv sağlamlığın tədrisinə dair hazırlanmış metodoloji vəsaitin beynəlxalq mütəxəssislərin iştirakı ilə təkmilləşdirilməsi və tədris prosesində istifadə ediləcək əlavə materialların tərcüməsi və adaptasiyası;
c) proqramın icrası, əldə edilmiş nəticələrin təhlili, təlim proqramı və təlim vəsaitinin istifadəsinə dair tövsiyələrin müzakirəsi məqsədilə beynəlxalq mütəxəssislərin, Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə seminar-müzakirənin təşkili;
d) 2014-cü ildə başlamış təlim və seminarların davamı olaraq, Ucar, Göyçay, Quba, Xaçmaz, Ağdaş, Zaqatala, Qax, Qəbələ, Hacıqabul, Şirvan, Zərdab rayonlarının tam orta məktəblərində reproduktiv sağlamlığın tədrisinə dair biologiya və həyat bilgisi fənlərinin müəllimləri üçün hər biri 25 nəfər üçün nəzərdə tutulmuş 2 günlük təlimlərin təşkili və bu dövrdə həmçinin 5.000 şagird və 1.000 valideyn üçün reproduktiv sağlamlığa dair seminar və dərslərin keçirilməsi, habelə
d) İSİM-in e-təlim portalında və Təhsil Nazirliyinin e-təhsil portalında Reproduktiv sağlamlığa dair Virtual Təlim Kursunun yaradılması və tətbiqi.
ƏTRAFLI HESABAT
2015-ci il mayın 12-14-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən Zaqatala, Qax və Qəbələdə reproduktiv sağlamlığın tədrisi və maarifləndirilməsinə dair təlimlər keçirildi. Təlimlər Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı çərçivəsində təşkil olundu.
Təlimlərin keçirilməsində məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə vermək idi. Təlimlərdə cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, erkən və ya arzuolunmaz hamiləlik, ailə planlaşdırılması barədə vacib məlumatlar verildi.
Təlimlərdə iştirak etmiş biologiya və həyat bilgisi fənləri üzrə tədris aparan gənc müəllimlər tərəfindən gələcəkdə Zaqatala, Qax və Qəbələdə tam orta məktəblərin şagirdləri üçün reproduktiv sağlamlıqla bağlı nümunəvi dərslər təşkil ediləcək.
Coğrafi əhatə: Ağdaş; Göyçay; Hacıqabul; Xaçmaz; Qax; Qəbələ; Quba; Şirvan; Zaqatala; Zərdab;
Əhali kateqoriyası:
İcraçılar: İSİM;
Təşkilatçılar: Töhfə Cəmilova;
Koordinatorlar: Töhfə Cəmilova;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsinə dair təhsil müəssisələrində mühazirələrin təşkili barədə (pdf)