İcra edilmiş Tədbirlər (2015):
Proqram
MƏLUMAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 06№-li əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.1.4 “Piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri- infeksion xəstəliklərin profilaktikasına dair radio və televiziya kanallarında mütəxəssislərin çıxışlarının təşkilinin təkmilləşdirilməsi məqsədilə tədbirlərin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədi ilə 6 aprel Ümumdünya Fiziki aktivlik gününə həsr olunmuş İSİM, Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “İnkişaf Naminə İdman” İctimai Birliyi ilə birgə 06 aprel 2015–ci il tarixində Xəzər rayon H.Əliyev adına mədəniyyət və istirahət parkında “Fiziki aktiv olarsan, Sağlamlığa təməl qoyarsan!” şuarı altında gənclərin sağlamlıq festivalının keçirilməsi nəzərdə tutulur.
KİÇİK HESABAT
2013-2014-cü illərdə “6 aprel – Ümumdünya Fiziki aktivlik Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov və Binəqədi rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyalarda gənclər, xüsusilə yeniyetmələr arasında sağlam həyat tərzi təbliğ və təşviq edilib.
ƏTRAFLI HESABAT
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.6.1(4)-cü bəndinə uyğun olaraq, 2015-ci il aprelin 6-da Xəzər rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında gənclərin növbəti sağlamlıq festivalı keçirildi. “Fiziki aktiv olarsan, Sağlamlığına təməl qoyarsan!” şüarı altında keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, İSİM və “İnkişaf Naminə İdman” İctimai Birliyidir. Sağlamlıq festivalının məqsədi gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festivala fləşmob və DJ musiqisi ilə başlanıldı. Bu müddət ərzində parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyətə başladı və nümunəvi çıxışlar göstərildi. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etdilər.
Tədbirin rəsmi hissəsinə kimi parkın ayrı-ayrı hissələrində yaradılmış guşələrdə uşaqlar və gənclər üçün face painting (üz naxışlama) tattoo (əl və qol üçün naxışlama), rəssamlıq və digər bu kimi xidmətlər təklif olundu. Bütün bu xidmətlər tədbirin əsas mövzusu ilə bağlı idi.
Tədbirin rəsmi hissəsində millət vəkili Rauf Əliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev çıxış edərək sağlamlıq festivalının keçirilməsinin vacibliyindən bəhs etdilər: “Bakı 2015 Avropa Oyunları ərəfəsində bu festivalın keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Gündən-günə inkişaf edən Azərbaycana müstəqil, sağlam vətəndaşlar gərəkdir. Sağlam olmaq üçün fiziki aktiv olmaq lazımdır!”
Festival çərçivəsində fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, o cümlədən Mərdəkan və Şüvəlan qəsəbələrinin Mədəniyyət evlərinin, eləcə də Xəzər rayonunun Gənclər evinin rəsm dərnəyinin üzvlərinin iştirakı ilə rəsm müsabiqəsi, müğənnilərin, kapoeyra qrupunun, akrobatların, “Odlar yurdu” bədii gimnastika və rəqs qrupunun nümunəvi çıxışları izlənildi.
Estafet yarışlarında Xəzər rayonunun 5 ümumtəhsil məktəbindən 10 nəfər (13-15 yaşlı) şagird iştirak etdi. Hər komandaya ən azı 50 nəfərlik şagird və müəllim heyətindən ibarət azarkeş kütləsi dəstək verirdi. Estafet yarışlarında orta məktəb şagirdləri ilə bərabər Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin şagirdləri də fəal iştirak etdilər. Tədbir zamanı gənclərə qılıncoynatma, futbol, basketbol, akrobatika və yüngül atletika üzrə fəaliyyətlər təqdim olundu. Maraqlı və əyləncəli idman fəaliyyətlərindən biri də parkın görüntülü yerində quraşdırılmış üfürülmə idman qurğusundakı yarışların təşkili idi.
Sağlamlıq festivalının sonunda estafetdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundu, 1 (183 saylı orta məktəb) 2 (156 saylı orta məktəb), 3-cü (123 saylı orta məktəb) yerləri tutan məktəblər isə diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar. Sertifikat və mükafatları Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, İSİM-in şöbə müdirləri Səbinə Babazadə və Aynur Rəşidova təqdim etdilər.
Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı. Sağlamlıq festivalına şux və oynaq musiqi nömrələri ilə yekun vuruldu.
Kütləvi informasiya vasitələrinin işıqlandırdığı festival ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası: 6-18 yaş; 19-30 yaş;
İcraçılar: İSİM;
Təşkilatçılar: Aynurə Rəşidova; Səbinə Babazadə;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rahib Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- 6 aprel – Ümumdünya Fiziki aktivlik Günü”nə həsr olunan “Fiziki aktiv olarsan, Sağlamlığa təməl qoyarsan!” adlı mədəni-kütləvi aksiyanın keçirilməsi (pdf)